Üzvlük qaydaları

ASSOSİASİYADA İŞTİRAKÇILIQ (bundan sonra ÜZVLÜK) QAYDALARI

1. Ümumi müddəalar

1.1. Azərbaycan Tikinti İstehsalçıları Assosiasiyasında (bundan sonra Assosiasiya) iştirakçılıq (bundan sonra üzvlük) qaydaları (bundan sonra qaydalar) və üzvlük münasibətləri ədalətlilik, bərabərlik, humanistlik, şəffaflıq, qanunilik və qarşılıqlı faydalılıq prinsiplərinə uyğun olaraq Azərbaycan Respublikasının müvafiq normativ-hüquqi aktlarına, Azərbaycan Respublikasının ratifikasiya etdiyi beynəlxalq normativ-hüquqi aktlara, Assosiasiyanın Nizamnaməsinə, Assosiasiyanın idarəetmə orqanının qərarlarına və bu sənədə əsasən tənzimlənir.

1.2. Azərbaycan Respublikası ərazisində qanuni əsaslarla fəaliyyət göstərən kommersiya hüquqi şəxsləri, xarici ölkələrin ərazisində qanuni əsaslarla fəaliyyət göstərən kommersiya hüquqi şəxsləri bu qaydada qeyd olunmuş tələblərə uyğun olaraq müvafiq qaydada Assosiasiyanın üzvü ola bilərlər.

1.3. Assosiasiyanın üzvləri qaydalar çərçivəsində təşkilatın müvafiq orqanların seçə və seçilə bilərlər, reqlamentə uyğun olaraq təşkilatın tədbirlərində iştirak edə, təkliflər verə və çıxış edə bilərlər, Assosiasiyanın idarəetmə orqanının yazılı icazəsi ilə təşkilatı aiddiyyəti üzrə müvafiq qaydada təmsil edə bilərlər, öz rekvizitlərində Assosiasiyanın üzvü olduqlarını (şifahi və yazılı) qeyd edə bilərlər, həmçinin təşkilatın sahib olduğu resurs və imkanlardan qaydalar çərçivəsində imtiyazlı şəkildə faydalana bilərlər.

1.4. Assosiasiyaya üzvlük Assosiasiya sədrinin təqdimatına əsasən Ümumi Yığıncağın iclasının qərarı ilə təsdiqlənir.

2. Assosiasiyanın üzvləri

2.1. Assosiasiyaya üzv ola bilərlər:

2.1.1. Tikinti fəaliyyəti ilə məşğul olan (çoxmənzilli, fərdi yaşayış evlərinin və müxtəlif növ qeyri-yaşayış obyektlərinin tikilməsi, habelə körpülərin, tunellərin inşası və s.) yerli kommersiya hüquqi şəxsləri;

2.1.2. Tikinti fəaliyyəti ilə məşğul olan xarici kommersiya hüquqi şəxsləri və onların Azərbaycan Respublikasındakı nümayəndəlik və ya filialları.

3. Assosiasiyaya üzvlük üçün şərtlər

3.1. Azərbaycan Respublikasında və ya xarici ölkədə kommersiya hüquqi şəxsi kimi müvafiq qaydada qeydiyyatdan keçmək;

3.2. Azərbaycan Respublikasında vergi ödəyicisi kimi müvafiq qaydada qeydiyyatdan keçmək;

3.3. Azı 6 (altı) ay fəaliyyət göstərmək.

4. Assosiasiyaya üzvlük üçün məhdudiyyətlər

4.1. Tikintiyə dair normativ qaydaların pozulmasına və fəaliyyətlərinin dayandırılmasına dair barələrində məhkəmənin qərarı olan tikinti şirkətləri həmin qərarın icra etdikləri və fəaliyyətlərini bərpa etdikləri gündən sonrakı 1 ildən tez üzvlüyə qəbul olunmurlar;

4.2. Adları tikintiyə dair normativ qaydalara etinasız yanaşan, onları mütəmadi pozan tikinti şirkətləri üçün müəyyənləşdirilmiş «qara siyahı»sında yer alan tikinti şirkətləri üzvlüyə qəbul olunmurlar;

4.3. Fəaliyyəti davamlı şəkildə pozulan, qeyri-müntəzəm fəaliyyət göstərən tikinti şirkətləri üzvlüyə qəbul edilmirlər;

4.4. Fərdi şəxslər Assosiasiyaya üzv qəbul edilmir.

5. Assosiasiyaya üzvlük üçün tələblər

5.1. Assosiasiyaya üzv olmaq istəyən tikinti şirkəti:

5.1.1. daxili iclas keçirərək Assosiasiyaya üzv olmaq üçün qərar qəbul etməli;

5.1.2. rəsmi blankında Assosiasiya sədrinin adına üzvlüklə bağlı müraciət göndərməlidir.

5.2. Müraciətə aşağıdakı sənədlər əlavə edilməlidir:

5.2.1. Namizəd təşkilatın Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətində dövlət reyestrindən keçməsinə dair reyestrdən çıxarışın surəti;

5.2.2. Namizəd təşkilatın Azərbaycan Respublikasında vergi ödəyəcisinin eyniləşdirmə nömrəsinin-VÖEN-in surəti;

5.2.3. Namizəd təşkilatın bank rekvizitləri;

5.2.4. Namizəd təşkilatın Assosiasiyaya üzvlüklə bağlı qəbul etdiyi qərarının surəti (möhürlə təsdiqlənməli);

5.2.5. Namizəd təşkilatın fəaliyyətini əks etdirən materialları (layihələr və s).

6. Assosiasiyaya üzvlüyün rəsmiləşdirilməsi

6.1. Assosiasiyaya üzvlük Assosiasiyanın Ümumı Yığıncağının qərarı ilə rəsmiləşdirilir.

6.2. Assosiasiyanın İcra Aparatı Ümumi Yığıncağın iclası barədə üzv olmaq üçün zəruri tələb və şərtlərə uyğun gələn namizəd təşkilatı məlumatlandırır.

6.3. Yeni qəbul olunan üzvə Assosiasiyanın müvafiq sertifikatı təqdim edilir.

6.4. Assosiasiyanın Ümumi Yığıncağının qərarından asılı olaraq namizdə təşkilat üzvlüyə qəbul oluna və ya müraciəti rədd edilə bilər.

7. Üzvlüyə xitam verilməsi halları və qaydası

7.1. Üzvlüyə aşağıdakı hallarda xitam verilir:

7.1.2. Təşkilat könüllü olaraq üzvlükdən çıxdıqda;

7.1.3. Təşkilat üzvlük müraciəti zamanı yalnış məlumat verdiyi aydın olduqda;

7.1.4. Assosiasiyanın Nizamnaməsinin və Daxili Nizam İntizam Qaydalarının tələblərini pozduqda;

7.1.5. Üzvlük haqqını ödəmədikdə.

7.2. Assosiasiyanın üzvü ancaq maliyyə ili qurtardıqdan sonra üzvlükdən çıxa bilər. Üzvlükdən könüllü çıxan və ya çıxarılan təşkilat çıxdığı gündən bir il ərzində Assosiasiyanın öhdəlikləri üçün subsidiar məsuliyyət daşıyır.

7.3. Üzv təşkilat Assosiasiyanın Ümumi Yığıncağının qərarı ilə üzvlükdən çıxarılır.

8. Yekun müddəalar

8.1. Assosiasiya öz üzvlərinin öhdəlikləri üçün məsuliyyət daşımır. Assosiasiyanın üzvləri onun öhdəlikləri üçün nizamnamədə nəzərdə tutulan miqdarda və qaydada subsidiar məsuliyyət daşıyırlar.

8.2. Yeni üzv təşkilat üzvlük haqqını üzvlüyə qəbul olunduqdan sonrakı 10 (on) iş günü ərzində ödəməlidir.

8.3. Üzvlüyə yeni daxil olmuş təşkilat o daxil olanadək Assosiasiyanın əmələ gəlmiş öhdəlikləri üçün subsidiar məsuliyyət daşıyır.

8.4. Assosiasiyanın üzvlüyündən çıxarılan təşkilatın təkrar üzvlüyünə yol verilmir.