Assosiasiya haqqında

Azərbaycan Respublikası Prezidentinin 06 dekabr 2016-cı il tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında kiçik və orta sahibkarlıq səviyyəsində istehlak mallarının istehsalına dair Strateji Yol Xəritəsi”ndə yeni biznes assosiasiyalarının yaradılması və mövcud assosiasiyaların fəaliyyətinin gücləndirilməsi əsas hədəflərdən biri kimi nəzərdə tutulmuşdur.

Sözügedən Strateji Yol Xəritəsini rəhbər tutaraq uzun illərdir tikinti bazarında gördüyü işlərlə, ərsəyə gətirdikləri gözoxşayan göydələnlərlə və digər tikinti layihələri ilə layiqli yerlərini tutmuş bir neçə tikinti şirkəti tərəfindən 04 avqust 2020-ci il tarixində Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) dəstəyi ilə “Azərbaycan Tikinti İstehsalçıları Assosiasiyası” (ATİA) Kommersiya Hüquqi Şəxslərinin İttifaqı təsis edilmiş və 05 oktyabr 2020-ci il tarixində, 1120-Q74-3858 qeydiyyat nömrəsi ilə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi tərəfindən dövlət qeydiyyatına alınmışdır.

“Azərbaycan Tikinti İstehsalçıları Assosiasiyası” (ATİA) Kommersiya Hüquqi Şəxslərinin İttifaqı (bundan sonra ATİA) ümumi maraqlar əsasında birləşmiş, könüllülük, iştirakçılarının (üzvlərinin) hüquq bərabərliyi prinsipləri əsasında yaradılan qeyri-kommersiya təşkilatıdır.

ATİA üzv təşkilatların maraqlarını qoruyan, onları zəruri və faydalı məlumat və xidmətlərlə təmin edən, tikinti sektorunun inkişafına xidmət edən, təcrübə, ideya və təşəbbüslərin müzakirə edildiyi platformadır.

ATİA-nın əsas məqsədi Azərbaycan Respublikasında fəaliyyət göstərən və İttifaqın üzvləri olan tikinti şirkətlərinin inkişaf etməsinə köməklik göstərməklə Azərbaycanın tikinti sektorunun inkişafında, tikinti sektorunda vahid standartların formalaşdırılmasında və sistemləşdirilməsində aktiv iştirak etmək, onların fəaliyyətlərini əlaqələndirmək, sosial-iqtisadi, məlumat və digər inkişaf proqramlarını inkişaf etdirmək və bu sahədə elmi bilgiləri artırmaq, habelə onların ümumi mənafelərini təmsil və müdafiə etməkdən ibarətdir. Eyni zamanda tikinti şirkətlərinin vahid platformasını yaratmaq, tikinti şirkətləri arasında əməkdaşlıq əlaqələrinin effektiv qurulmasına və inkişafına nail olmaq, tikinti məhsulları və xidmətlərinin keyfiyyətini artırmaq, iştirakçılarının beynəlxalq tikinti bazarlarında fəaliyyətinə köməklik göstərmək, həmçinin milli tikinti sərgilərinin təşkilinin həyata keçirilməsində aktiv iştirak etmək İttifaqın qarşısına qoyduğu məqsədlərdəndir.

ATİA məqsədlərinə çatmaq üçün aşağıdakı vəzifələri həyata keçirir: – Azərbaycan Respublikasında tikinti istehsalı (çoxmənzilli, fərdi yaşayış evlərinin və müxtəlif növ qeyri-yaşayış obyektlərinin tikilməsi, habelə körpülərin, tunellərin inşası və s.) sahəsində davamlı inkişafın təmin olunması üçün müvafiq infrastrukturun yaradılması; – bu sahədə fəaliyyət göstərən kommersiya hüquqi şəxslərinin əlaqələndirilməsi və ictimai faydalı fəaliyyətlərin təşkili üçün səylərinin birləşdirilməsi; – İttifaq iştirakçılarının mənafelərinin dövlət qurumları qarşısında təmsil və müdafiə edilməsi, könüllü təşkilatları və dövlət qurumları arasında körpü rolunun oynanılması; – tikinti istehsalı sahəsində beynəlxalq (ikitərəfli və çoxtərəfli) əməkdaşlığın qurulması, beynəlxalq təcrübənin öyrənilməsi və Azərbaycanın təcrübəsinin dünyada təşviqi.

Missiyamız

Azərbaycanda tikinti fəaliyyəti ilə məşğul olan sahibkarların ən yaxın tərəfdaşına çevrilmək, bu sahədə sahibkar-dövlət münasibətlərinin tənzimlənməsi üçun dialoq qurmaq və ölkədə tikinti sektorunun dayanıqlı inkişafına dəstək olmaqdır.

Dəyərlərimiz

Müstəqillik, şəffaflıq, əməkdaşlıq, komanda işi və müxtəliflik.