Azərbaycan Tikinti İstehsalçıları Assosiasiyasının (ATİA) rəhbərliyi və üzv şirkətlərin nümayəndələri Belarus səfəri çərçivəsində ölkənin iri tikinti və daşınmaz əmlak şirkətlərindən biri olan A-100 Development-in rəhbərliyi ilə görüş keçirib

Azərbaycan Tikinti İstehsalçıları Assosiasiyasının (ATİA) rəhbərliyi və üzv şirkətlərin nümayəndələri Belarus səfəri çərçivəsində ölkənin iri tikinti və daşınmaz əmlak şirkətlərindən biri olan A-100 Development-in rəhbərliyi ilə görüş keçirib.

Görüş zamanı şirkətin fəaliyyəti, yaşayış komplekslərinin, kommersiya obyektlərinin və şəhər infrastrukturu layihələrinin layihələndirilməsi və tikintisi barədə ətraflı məlumat alınıb. Şirkətin əsas məqsədi müasir, rahat və ekoloji cəhətdən təmiz yaşayış mühiti yaratmaqdır. Qeyd olunub ki, şirkət Belarusiyada 100-dən çox bina tikib və böyük təcrübəyə malikdir. Görüşdə həmçinin A-100 Development Azərbaycanda da böyük layihələrdə iştirak etmək istədiyini bildirib.

Xüsusilə şirkətin ən məşhur layihələrindən biri olan Novaya Borovaya yaşayış kompleksi haqqında geniş məlumat verilib. Minsk şəhərinin yaxınlığında yerləşən bu kompleks müasir şəhərsalma prinsiplərinə əsasən tikilib. Burada yaşayış binaları ilə yanaşı məktəblər, uşaq bağçaları, parklar, istirahət zonaları, mağazalar və idman meydançaları yaradılıb. Kompleksin əsas xüsusiyyəti həyətlərin avtomobillərdən tam azad olması və sakinlər üçün təhlükəsiz, komfortlu və sosial cəhətdən inkişaf etmiş yaşayış mühiti formalaşdırılmasıdır.

Görüşdə həmçinin A-100 Development ilə gələcək əməkdaşlıq imkanları və potensial birgə layihələr ətrafında müzakirələr aparılıb.