Bakı şəhəri və regionlara tikinti materialları daşıyan ağır tonnajlı nəqliyyat vasitələrinin gündüz saatlarında hərəkətinə tətbiq olunan məhdudiyyətlərin tikinti sektoruna mənfi təsiri ilə bağlı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyində görüş keçirilmişdir

Bakı şəhəri və regionlara tikinti materialları daşıyan ağır tonnajlı nəqliyyat vasitələrinin gündüz saatlarında hərəkətinə tətbiq olunan məhdudiyyətlərin tikinti sektoruna mənfi təsiri ilə bağlı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyində görüş keçirilmişdir.

Qaldırılan məsələlərin müzakirəsi məqsədilə Hökumət Evində təşkil olunan görüşdə Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, Bakı Şəhər İcra Hakimiyyəti, Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) nümayəndələri, eləcə də Azərbaycan Tikinti İstehsalçıları Assosiasiyasının (ATİA) sədri Ramiz İsayev iştirak etmişdir.

Tərəflər mövcud məhdudiyyətlərin tikinti sektoruna təsiri, nəqliyyat axınının tənzimlənməsi, alternativ marşrutların müəyyənləşdirilməsi, xüsusi icazə mexanizmlərinin təkmilləşdirilməsi və logistika proseslərinin optimallaşdırılması istiqamətində mümkün həll yollarını müzakirə etmişlər.

Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin Sahibkarlığın inkişafı siyasəti və tənzimlənməsi şöbəsinin təşəbbüsü ilə keçirilən görüşün yekununda qaldırılan məsələlərin kompleks şəkildə araşdırılması və qarşılıqlı əməkdaşlıq çərçivəsində müvafiq təkliflərin hazırlanaraq təqdim olunması barədə razılıq əldə edilmişdir.