ATİA İdarə Heyətinin sədri Ramiz İsayev ədliyyə sahəsindəki yeniliklərin sahibkarlığın inkişafına təsiri ilə bağlı ictimai müzakirədə iştirak edib
ATİA İdarə Heyətinin sədri Ramiz İsayev, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi və Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) birgə təşkilatçılığı ilə “Fairmont Baku, Flame Towers” otelində keçirilən “Ədliyyə sahəsində həyata keçirilən institusional və qanunvericilik yeniliklərinin sahibkarlığın inkişafına təsiri, eləcə də hüququn aliliyinin qorunması və ölkənin davamlı inkişafındakı rolu” mövzusunda ictimai müzakirədə iştirak edib.
Tədbirdə dövlət qurumlarının, biznes assosiasiyalarının, sahibkarların və ictimai təşkilatların nümayəndələri bir araya gələrək mövzu ətrafında fikir mübadiləsi aparıblar. Müzakirələr zamanı ədliyyə sahəsində aparılan islahatların sahibkarlığın inkişafına göstərdiyi müsbət təsir, hüququn aliliyinin təminində biznes subyektlərinin rolu, həmçinin davamlı iqtisadi inkişafın hüquqi əsaslarının möhkəmləndirilməsi məsələləri diqqət mərkəzində olub.
Çıxışı zamanı ATİA İdarə Heyətinin sədri Ramiz İsayev sahibkarların qarşılaşdıqları hüquqi çətinliklərə toxunub, bu sahədə mövcud problemlərin həlli ilə bağlı bir sıra təkliflərini səsləndirib. Eyni zamanda, Assosiasiya tərəfindən bu sahədə aparılan islahatların sahibkarlar tərəfindən yüksək qiymətləndirildiyi həmçinin bəzi təkmilləşdirilmələrin sürətləndirilməsi istiqamətində birgə əməli fəaliyyət üzrə verilən təkliflər təşkilatçılar tərəfindən də müsbət qarşılandı.