Prezident xəbərdarlıq etdi: Bakı şəhərində yöndəmsiz, qanunsuz tikililərə son qoyulmalıdır

Bakıda qədimliklə müasirlik arasında vəhdət var. Bakı inkişaf edir, böyüyür və son vaxtlar Bakının memarlıq məsələlərinə xüsusi diqqət göstərilir.

AZƏRTAC xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Şahin Seyidzadəni “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin İdarə Heyətinin sədri vəzifəsinə təyin olunması ilə əlaqədar videoformatda qəbul edərkən bildirib.

Vaxtilə Bakıda heç bir memarlıq normalarına uyğun gəlməyən yöndəmsiz binaların tikildiyini və bunun şəhərdəki bəzi yerlərin simasını mənfiyə doğru dəyişdiyini xatırladan dövlətimizin başçısı deyib ki, son vaxtlar bu məsələyə ciddi nəzarət var.

“Dövlət tərəfindən bütün bu məsələlər tənzimlənir və icazəsiz, qanunsuz tikililərin sayı xeyli azalıbdır. Amma hələ də belə hallar var və mən bütün qurumları, dövlət qurumlarını və sahibkarları xəbərdar etmək istəyirəm ki, buna yol verilməyəcək. Xüsusilə sahibkarlara müraciət edirəm, qazanc dalınca getmək o demək deyil ki, biz unikal şəhərimizi eybəcər binalarla korlayaq. Biz buna imkan verməyəcəyik, qanunsuz tikililərə son qoyulmalıdır. Bu məsələyə nəzarət edən bütün orqanlar bu işlərə çox ciddi yanaşmalıdır – Bakı Şəhər İcra Hakimiyyəti, Bakı şəhərində yerləşən rayonların icra başçıları. Əminəm ki, bundan sonra Bakı vahid memarlıq konsepsiya əsasında inkişaf edəcək”, – deyə Prezident İlham Əliyev vurğulayıb.