Rusiya-Ukrayna müharibəsinin Azərbaycan tikinti bazarına təsiri açıqlanıb
Azərbaycanın tikinti sektoru Rusiya bazarı ilə qarşılıqlı əlaqədədir. Təbii olaraq bu ölkəyə qarşı tətbiq edilən sanksiyalardan irəli gələn qiymət artımı və digər fəsadlar Azərbaycan tikinti bazarına da təsir göstərir.
Hazırda bu sahədə müşahidə olunan vəziyyəti “Report” tikinti sektorunun mütəxəssisləri ilə araşdırıb.
Tikinti sektorunda çalışan iş adamı Elgiz Eyvazov hesab edir ki, Rusiyadan gələn malların qiymətlərində avtomatik olaraq artım baş verəcək. Eyni zamanda, Türkiyə istehsalı olan malların qiyməti də qalxır:
“Ölkələr bir-biri ilə bağlıdır. Bir ölkədə qiymət artımı və ya logistikada problem olanda bu, digərinə də təsir edir. Türkiyədən gələn məhsulların qiymətində 15–20 % artım olub. Təxminən, 5-6 gündür ki, bu proses müşahidə olunur. Biz həmişəki kimi məhsulun maya dəyərinə 10 %-lik marjamızı qoyub satacağıq. Rusiyadan Azərbaycana tikinti sektoruna aid ən çox dəmir məmulatları gətirilir. Yəni, daha çox bu məhsulların qiymətində artım olacaq. Rusiyadan gələn dəmir məmulatlarının yerli məhsullarla əvəz olunacağını düşünürəm. Həmin məhsullara da tələbat olduğu üçün qiymət artımı olacaq”.
Dəmir məmulatları satan mağazanın müdiri Səyyad Nəsirov qiymətlərdə dəyişiklik olduğunu təsdiqləyir və bu prosesin davamlı olacağını ehtimal edir:
“Azərbaycanda fəaliyyət göstərən “Bakı İnşaat Sənaye” ASC xammalı Rusiyadan gətirir, hazır məhsulları burada istehsal edir. Zavoddan da mağazalara paylanılır. Hələlik həmin zavod Rusiyadan mal gətirə bilmir.
S.Nəsirov bildirib ki, dəmir məmulatlarının qiyməti tonuna görə 30–40 manat artıb:
“Nazik profillərin 1 tonu 1 600 manatdır. Qalın profillərin tonu isə 1 500 manata satılır. Sex istehsalı olan armaturlarının qiyməti 940 manat+ ƏDV (18 %), zavod malının isə 1 500 manat + ƏDV-dir”.
“Bakı İnşaat Sənaye” ASC-nin İdarə Heyətinin sədri Ramiz Əhmədov hələlik çətinlik görmədiklərini qeyd edib. O eyni zamanda istənilən təhlükəyə qarşı tədbirlər gördüklərini, ehtiyat variantlarını düşündüklərini bildirib:
“Rusiyadan sifarişləri ABŞ dolları ilə edirdik. Hazırda ehtimal olunur ki, ticarət rublla aparılacaq. Çünki bizim Rusiya istehsalçıları ilə rublla hesabımız da var. Hələlik nəyin necə olduğunu dəqiq demək olmaz. Bizim analitiklər müxtəlif variantları nəzərdən keçirir, alternativ bazarları yoxlayırlar. Qiymətlərin qalxdığı müşahidə olunur. İstehsal üçün Türkiyədən aldığımız qatqıların qiymətləri də kəskin dərəcədə qalxıb”.
R. Əhmədov hazırda mağazalara tikinti materialların çatdırılması məsələsində müştərilər tərəfindən narahatlıq sezildiyini desə də, bunun müvəqqəti olduğunu düşünür.
Azərbaycan Tikinti İstehsalçıları Assosiasiyası Kommersiya Hüquqi Şəxslərinin İttifaqının sədri Ramiz İsayev “Report”a bildirib ki, Qərb ölkələrinin Rusiyaya qarşı tətbiq etdiyi sanksiyalar Rusiyanın ticarət tərəfdaşlarına da təsir etməkdədir: “Azərbaycan Dövlət Gömrük Komitəsinin cari ilin yanvar ayı üzrə açıqladığı xarici ticarətin statistikasına əsasən Ukrayna və Rusiya ölkəmizin əsas ticarət tərəfdaşlarından biri kimi ticarət dövriyyəsində müvafiq olaraq 3 və 4-cü yerləri tutur. Hazırda davam edən müharibənin bu ticarət dövriyyəsinə təsir edəcəyi də şübhəsizdir”.
“Rusiya ilə Ukrayna arasında davam edən müharibə tikinti materiallarının ölkəmizə idxalına da öz mənfi təsirini göstərəcək. Amma Rusiyadan idxal olunan tikinti materiallarının qiymətinə təsir edən amil yalnız Rusiya-Ukrayna arasında olan gərginlik deyil. Belə ki, yerli sahibkarlar Rusiyadan əsasən ağac materialları idxal edirlər. Rusiya Prezidentinin 2021-ci ildə imzaladığı sərəncamla cari ilin yanvarın 1-dən etibarən oduncağın emal olunmamş formada idxalı qadağan edilib. Bu o deməkdir ki, artıq yerli sahibkarlar xammal formasında ağac materialları idxal edə bilməyəcək və son nəticə olan məhsul formasında (taxta və s) ağac idxal edəcəklər. Bu isə malın maya dəyərində fərqin yaranmasına səbəb olacaq. Beləliklə də, hələ Rusiya-Ukrayna müharibəsindən əvvəl artıq idxal olunan ağac materiallarının qiymətlərində artım yarandığının şahidi olmuşuq”, – İttifaq sədri açıqlayıb.
R.İsayev onu da bildirib ki, Rusiya ağac materiallarının ən böyük alıcısı Çin, ondan sonra Özbəkistan, üçüncü isə Azərbaycandır: “Çin Rusiyadan ixrac olunan ağac materiallarının 50 %-ni, Özbəkistan və Azərbaycan isə hərəsi 9 %-ni alır. Bu isə çox böyük bir faizdir.
Hazırda rublun dəyərdən düşməsi də idxal olunan tikinti materiallarının qiymətinə təsir edə biləcək amillərdəndir. Amma hazırda Rusiyaya tətbiq edilmiş sanksiyaların sözügedən ölkənin ixrac əməliyyatlarına da təsir edə biləcəyini göz önünə alsaq, o zaman ucuzlaşmanın yox, əksinə bahalaşmanın qaçılmaz olacağını deyə bilərik. Belə ki, Rusiya strateji əhəmiyyətli məhsulların ixracına limit və ya qadağa tətbiq edə bilər, bu da istehsalın azalmasına və ya dayandırılmasına səbəb ola bilər. Digər tərəfdən, bu ölkəyə müxtəlif istiqamətlərdə tətbiq edilən qadağalar idxalı da çətinləşdirə bilər”.
R.İsayev ölkəmizə idxal olunan ağac materiallarının yalnız Rusiyadan idxal edilmədiyini də diqqətə çatdırıb:
“Rusiyadan idxal edilənlər sadəcə üstünlük təşkil edir. Bu sahədə alternativ bazar kimi Ukrayna və Qazaxıstan çıxış edir ki, Ukraynadan indiki dövrdə ağac materialları idxal etməyin özü də çətin məsələdir. Belə olduğu halda bu sahədə sonuncu alternativ variant kimi Qazaxıstan bazarı çıxış edə bilər. Hazırkı situasiyada tikinti materiallarının, xüsusən də Rusiyadan idxal edilən tikinti materiallarının bahalaşması qaçılmaz kimi görünür. Bu isə nəticədə tikintinin maya dəyərinə təsir etdiyindən tikinti bazarında da qiymətlərin artmasına səbəb olacaq”.
İstinad “Report”