Azərbaycan Milli Şəhərsalma Forumu

07/10/2022

Oktyabrın 5-də BMT-nin Məskunlaşma Proqramı (UN-HABITAT) və Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin birgə əməkdaşlığı, ADA Universitetinin təşkilati dəstəyi Ağdamda “Dayanıqlı İnkişaf Məqsədləri” və “Yeni Şəhər Gündəliyi” – postmünaqişə dövründə bərpa və yenidənqurmanın aparıcı qüvvəsi kimi” mövzusunda Azərbaycan Milli Şəhərsalma Forumuna Azərbaycan Tikinti İstehsalçıları Assosiasiyası dəvət olunub.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Forumun açılış mərasimində iştirak ediblər.
Dövlətimizin başçısı tədbirdə çıxış edib.

Oktyabrın 6-da ADA Universitetində Azərbaycan Milli Şəhərsalma Forumu mədəni, ekoloji və iqtisadi mövzularda sessiyalarla davam edib.
Forumun ikinci günündə şəhərlərin ekoloji cəhətdən davamlı inkişafı, mədəni və tarixi irsin münaqişədən sonra bərpası, “ağıllı” və “yaşıl” yeniliklərə doğru, “yaşıl iqtisadiyyat” kimi mövzulara toxunulub, bu istiqamətlərdə müzakirələr aparılıb.
Qeyd edək ki, 44 ölkədən 130-dan çox nümayəndənin, ümumilikdə isə 400 nəfərdən çox insanın qatıldığı Azərbaycan Milli Şəhərsalma Forumu şəhərlərin bərpası ilə bağlı beynəlxalq və çoxtərəfli əməkdaşlıq üçün yeni imkan yaradacaq və şəhər ərazilərində böhranların aradan qaldırılmasına dair çətinliklərin müəyyən edilməsi, həllərin müzakirəsi ilə bağlı bilik və təcrübə mübadiləsi aparmaq üçün platforma rolunu oynayacaq. Ölkəmizdə ilk dəfə məhz Ağdam şəhərində keçirilən Azərbaycan Milli Şəhərsalma Forumu şəhərsalma sahəsində dünyanın müxtəlif ölkələrindən olan sahə mütəxəssislərinin təcrübələrinin bölüşülməsi və dayanıqlı inkişafın təmin edilməsi üçün əməkdaşlıq əlaqələrinin genişləndirilməsi baxımından da nadir və uğurlu platformadır.